CƏMİYYƏT


Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr edilən konfrans keçiriləcək

Bakı, 23 may, AZƏRTAC 

Mayın 24-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr edilmiş "Oftalmologiyanın bu günü və gələcəyi" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək.

Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildiriblər ki, tədbir Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə təşkil ediləcək.

Tədbir yerli və xarici oftalmoloqların iştirakı ilə keçiriləcək. Konfransın məqsədi oftalmologiya sahəsində əldə olunan son yenilikləri və nailiyyətləri, yeni müayinə və müalicə metodlarını müzakirə etmək və öz sahələrində mütəxəssis olan oftalmoloqların təcrübələrindən yararlanmaqdan ibarətdir.

Konfransda “Azərbaycanın bölgələrində mobil oftalmoloji klinika əsasında görmə orqanının patologiyalarının skrininqi və korluğun qarşısının alınması”, “Gözün xarici aparatının müştərək travması zamanı kombinə rekonstruktiv əməliyyatın imkanlarına dair”, “Orbital patologiyaların diaqnostikası və cərrahi müalicəsi”, “Şəkərli diabetli xəstələrdə kornea epiteli və neyropatiya” kimi mövzular müzakirə ediləcək.

Qeyd edək ki, 1946-cı ildə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu (ETGXİ) fəaliyyətə başlayıb. 2002-ci ildən ETGXİ akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olaraq fəaliyyət göstərməkdədir. 2009-cu il mayın 22-də Prezident İlham Əliyevin iştirakı ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yeni binasının açılışı olub. 10 illiyini qeyd edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.