ELM VƏ TƏHSİL
Milli Qəhrəman Şövqiyar Abdullayevin xatirəsi anılıb
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 9-da Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbin və “Veteran Tankçılar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Şövqiyar Abdullayevin anadan olmasının 50 illiyinə həsr edilmiş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları AzTU şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidə-kompleksin önünə əklil qoyub, gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rektor vəzifəsini icra edən Xalıq Yahudov universitetin ötən əsrin 90-cı illərində, eləcə də sonrakı mərhələlərdə Vətənin bütövlüyü uğrunda canından keçən məzunlarından danışıb. O bildirib ki, müstəqilliyimizin qazanılması uğrunda ilk günlərdən etibarən universitetin tələbələri, məzunları ictimai və hərbi mübarizəyə qoşulublar. X.Yahudov qeyd edib ki, AzTU-nun avtomatika və kompüter texnikası fakültəsinin məzunu, Milli Qəhrəman Ş.Abdullayevin, həmçinin döyüşlərdə şəhid olanların xatirəsi xalqımız, o cümlədən universitetin əməkdaşları və tələbələri tərəfindən daim əziz tutulacaq, onların qəhrəmanlığı gələcək nəsillərə nümunə kimi təbliğ ediləcək.
Müdafiə Nazirliyinin nümayəndəsi Rauf Dəmirov Ş.Abdullayevin həyatından və şəhidlik zirvəsinə ucalaraq keçdiyi qəhrəmanlıq yolundan danışıb.
Qeyd olunub ki, Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya göz açmış Ş.Abdullayev ali məktəbin son kursunda təhsil alarkən qəlbinin hökmü ilə cəbhə bölgəsinə yollanıb. O, Ağdamda təşkil edilmiş tank briqadasının komandiri olub, Papravənd, Pircamal, Aranzəmin, Dranbon və digər kəndlər uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib. Elə bu qəhrəmanlığı onu dəfələrlə ölümlə üz-üzə qoyub. 23 yaşlı cəsur döyüşçü, kəşfiyyatçı və tank komandiri Ş.Abdullayev 1992-ci il avqustun 27-də qəhrəmancasına həlak olub. Ş.Abdullayev Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 5 fevral tarixli Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bu gün Bakının küçələrindən biri Ş.Abdullayevin adını daşıyır.
Çıxışlarda Ş.Abdullayevin döyüş yolunun gələcək nəsillərə örnək olduğu diqqətə çatdırılıb.
Milli Qəhrəmanın atası Cəmil Abdullayev tədbir iştirakçılarına minnətdarlığını bildirib.