CƏMİYYƏT
Milli mətbuatımızın 146 illiyi münasibətilə Nəsimi rayonunda mətbuat işçiləri ilə görüş keçirilib
Bakı, 22 iyul, AZƏRTAC
Milli mətbuatın 146 illiyi ilə əlaqədar Nəsimi rayonunda qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 146 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatının böyük və şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olduğunu bildirib. Qeyd edib ki, mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.
Rayon icra hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən A.Əsgərov vurğulayıb ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.
XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil edib, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olub. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal rol oynayıb, qəzet və jurnalların şəbəkəsi genişlənib, jurnalistikanın çeşidli növləri meydana çıxıb.
Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Milli Mətbuat Günü elan edilib. Müstəqilliyin bərpasından sonra informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verib.
Hazırda ölkəmizdə cəmiyyətimizin etibarlı media şəbəkəsini yaradan yüzlərlə mətbuat orqanı, agentliklər, saytlar, teleradio şirkətləri fəaliyyət göstərir. Mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmışdır. Dövlətimiz jurnalist əməyini həmişə yüksək qiymətləndirir, kütləvi informasiya vasitələrinin mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edir.
Sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru deputat Hikmət Babaoğlu, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıb, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində qazanılan uğurlardan danışıb, mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə mətbuat işçiləri adından minnətdarlıqlarını bildiriblər.
Sonda Milli Mətbuat Günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən KİV nümayəndələrinə hədiyyələr təqdim olunub.