CƏMİYYƏT
Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsi beynəlxalq konvensiyalara, insan hüquqlarına hörmətsizlikdir
Bakı, 17 aprel, AZƏRTAC
Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsi Ermənistanın “mina müharibəsi”ni davam etdirməsinin sübutudur. Ermənistanın vaxtilə işğal atlında saxladığı ərazilərin böyük bir qismini minalaması işğalçı dövlətin militarist siyasətinin miqyas və mahiyyətindən xəbər verir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının mətbuat katibi Seymur Əliyev deyib.
O qeyd edib ki, Ermənistanın yarandığı ilk gündən etibarən militarist siyasətinə üstünlük verdiyi, bunu dövlət siyasəti səviyyəsinə yüksəltdiyi heç kimə sirr deyil. Zəif iqtisadiyyata malik olan, sosial problemlər məngənəsində sıxılan, xarici borc və kredit bataqlığında boğulan Ermənistanın bütün maddi resursunu silah-sursata sərf etməsi, ölkəmizə qarşı işğalçılıq siyasəti yürütməsi bir qərinəyə yaxındır ki, bütün regionun həyatına mənfi təsirini göstərməkdədir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək, 30 illik işğala son qoydu. Lakin ötən ilin 10 noyabr tarixində faktiki olaraq kapitulyasiya aktını imzalayan Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir. Məqsəd Azərbaycan tərəfini itkilərə məruz qoymaq, 30 ilə yaxındır doğma el-obasından didərgin salınan insanların ata-baba yurdlarına qayıtmasını əngəlləmək, bu prosesi ləngitməkdir. Bu, həm də Ermənistanın ölkəmizə qarşı “mina müharibəsi”ni faktiki olaraq davam etdirdiyini göstərir.
“Rəsmi İrəvanın 10 noyabr Bəyanatından bu günədək minalanmış ərazilərin xəritəsini hələ də Azərbaycana verməməsi, müxtəlif bəhanələrlə bundan imtina etməsi onun məkrli niyyətindən, militarist siyasətindən xəbər verir. Bu fakt bir daha sübut edir ki, Ermənistan regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı deyil. Əksinə, Azərbaycana qarşı mina müharibəsini davam etdirən Ermənistan bununla həm də insan hüquqlarına, beynəlxalq hüquqi aktlara qarşı açıq hörmətsizlik nümayiş etdirir, ali hüquqi-mənəvi dəyərlərə qəsd edir.
Bu isə o deməkdir ki, Ermənistanın “mina müharibəsi”nə qarşı, sadəcə, Azərbaycan və region dövlətləri deyil, bütün dünya dövlətləri, eyni zamanda, beynəlxalq təşkilatlar mübarizə aparmalı, Ermənistana qarşı təzyiq və sanksiyalar tətbiq edilməlidir. Nə qədər ki, Ermənistana qarşı beynəlxalq təzyiq yoxdur, nə qədər ki, dünyanın aparıcı dövlətləri təcavüzkar ölkənin on illərdir davam edən təxribatlarına göz yumur, rəsmi İrəvan bütün regionda sülh və təhlükəsizlik üçün başlıca təhdid mənbəyi olaraq qalacaq”, - deyə Seymur Əliyev vurğulayıb.