REGİONLAR
Minə Mirzəyeva: İnana bilməzdim ki, kəndimiz belə tezliklə bərpa olunar VİDEO
Zəngilan, 19 iyul, Elmir Səftərov, AZƏRTAC
Bu gün Ağalı kəndinin sakinləri üçün əlamətdar gündür. Biz bu gün öz doğma yurd-yuvamıza qovuşduq. Neçə ildir doğma rayonumuzun, kəndimizin həsrətini çəkir, ürəyimizin hər döyüntüsündə uzaqlığın ağrısını hiss edirdik. Ağalı kəndinin sakinləri çox şanslıdırlar. Çünki ilk olaraq onların nisgilinə son qoyuldu.
Bunu AZƏRTAC-a müsahibəsində Ağalı kənd sakini Minə Mirzəyeva deyib.
Kənd sakini Ağalıya qayıtdığı üçün hiss etdiklərini ifadə etməyə söz tapa bilmədiyini bildirib. “Təkcə onu bilirəm ki, çox sevincliyəm. Torpaqlarımız alınanda göz yaşlarımı saxlaya bilməmişdim. Onda düşünürdüm ki, yəqin bir neçə ildən sonra kəndimə qayıda biləcəyəm. İnana bilməzdim ki, kəndimiz belə tezliklə bərpa olunar. Ayaqlarımızı torpağımıza elə möhkəm basmışıq ki... Ağalı da bizi isti qarşıladı. Görünür ki, darıxan təkcə biz deyilmişik. Kəndimiz də bizim üçün darıxıbmış. Allah yurd-yuvasından didərgin düşənlərə öz doğma torpağına qovuşmağı nəsib eləsin. Bu xoşbəxtliyi bizə daddıran şəhidlərimizi böyük hüzn və ehtiramla yad edirik. Müzəffər Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusuna, qazilərimizə cansağlığı arzulayırıq. Allah onları qorusun”, - deyə o qeyd edib