REGİONLAR
Mingəçevir çimərliyində təhlükəsizlik qaydalarına ciddi riayət olunur
Mingəçevir, 11 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhərində yay mövsümündə fəaliyyətə başlayan çimərlik yerli sakinlərin və şəhərə gələn turistlərin sevimli istirahət yerlərindən biridir. Mingəçevir su anbarının sahilində yerləşən çimərlikdə hər gün 2 mindən çox insan dincəlir. Burada insanların istirahəti və təhlükəsizliyinin təmin edilməsi üçün lazımi işlər görülüb.
AZƏRTAC xəbər verir ki, Aran bölgəsində yaşayan insanların yayın istisində ən çox üz tutduğu yer olan Mingəçevir su anbarının çimərliyi şəhərdə yay turizminin inkişafında böyük rol oynayır. Havaların son günlər isti keçməsi ətraf rayonlardan olan insanların da bu su hövzəsinə axınına səbəb olub. Çimərliyə gələnlər burada suyun və qumluq ərazinin təmiz olduğunu, həmçinin təhlükəsizlik qaydalarına ciddi riayət edildiyini bildirirlər.
Mingəçevir ərazisindəki çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupunun xilasediciləri fəaliyyət göstərir. Onlar təhlükəli hissələrə yaxınlaşan sakinləri xəbərdar edərək, baş verə biləcək xoşagəlməz hadisənin qarşısını alırlar.