REGİONLAR
Mingəçevirdə 3 məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib
Mingəçevir, 15 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
2016-2017-ci dərs ilinin başlanması münasibətilə Mingəçevir şəhərinin bütün təhsil ocaqlarında mərasimlər təşkil olunub, müəllim və şagirdlərə uğurlar arzulanıb.
AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhərinin 1, 7 və 9 saylı tam orta məktəblərinin müəllim və şagirdləri “Bilik günü”nü xüsusi təntənə və ikiqat sevinc hissi ilə qeyd ediblər. Uzun illərdən sonra hər üç tədris ocağının binası dövlət vəsaiti hesabına müasir tələblər səviyyəsində əsaslı şəkildə yenidən qurulub, zəruri məktəb avadanlıqları və mebel dəstləri ilə təchiz edilib. 1100 şagird yerlik 1 saylı tam orta məktəbin 25 sinif otağında, biologiya, fizika, kimya laboratoriyalarında, kitabxana və emalatxanada, kompyuter mərkəzində, tibb və hərbi otaqlarda, idman və iclas zallarında nümunəvi şərait yaradılıb. İstilik sistemi, ehtiyat su hovuzları və transformator yarımstansiyası ilə təchiz edilən təhsil müəssisəsinin ətrafı abadlaşdırılıb, hasar çəkilib, yaşıllıqlar salınıb. Futbol, voleybol və basketbol meydançaları da yaradılıb.
Yenidənqurma işləri çərçivəsində analoji işlər 7 və 9 saylı tam orta məktəblərdə də həyata keçirilib. Bununla da Mingəçevirdə daha 2856 şagirdin təhsil şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Məktəblərin əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə keçirilən tədbirlərdə Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi qayğıdan minnətdarlıqla danışılıb.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri məktəblərin açılış mərasimlərində iştirak edərək yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıblar. Qeyd edilib ki, məktəblərin maddi-texniki bazalarının möhkəmləndirilməsi yeni nailiyyətlərin əldə olunmasına şərait yaradacaq.
Məktəb həyatına yeni qədəm qoyan birincilərin bayram təbrikindən sonra xüsusi istedada malik məktəblilər bacarıqlarını nümayiş etdiriblər.
Şəhər ictimaiyyətinin nümayəndələri məktəblərdə yaradılan şəraitlə tanış olublar.