REGİONLAR
Mingəçevirdə “Qloballaşma və regional inteqrasiya” mövzusunda elmi konfrans keçirilib
Mingəçevir, 23 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində “Qloballaşma və regional inteqrasiya” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda respublikanın bir sıra ali təhsil müəssisələrinin professor və müəllim heyəti, doktorant və dissertantlar, elmi-tədqiqat institutlarının elmi işçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev qeyd edib ki, müasir dünya siyasətində bir çox inkişaf prosesləri və meyilləri müşahidə olunur. Buna baxmayaraq, onlar arasında qloballaşma, inteqrasiya və demokratikləşməni xüsusi qeyd edirlər. Bugünkü konfransın keçirilməsində məqsəd də məhz bu mövzunun ayrı-ayrı aspektlərinin elmi-konseptual nöqteyi-nəzərdən öyrənilməsini və tədqiqini təmin etməkdən ibarətdir: “Düşünürəm ki, konfransın həm plenar, həm də bölmə iclasları işgüzar şəraitdə keçəcək, maraqlı məruzə və çıxışlar dinləyəcəyik”.
Sonra Mingəçevir Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov “Qloballaşma şəraitində Azərbaycan Avropa və regionun enerji təhlükəsizliyinin təminatçısı kimi”, mühəndislik fakültəsinin dekanı Vüqar Mustafayev “Qloballaşma dövründə Azərbaycan sənayesinin inkişafı və regional inteqrasiya perspektivləri”, humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova “Qloballaşma və humanitar inteqrasiya”, informasiya texnologiyaları və sistemləri kafedrasının baş müəllimi Möhübbət Əhmədov “İnnovativ informasiya-kommunikasiya texnologiyaları layihələri qloballaşma və regional inteqrasiya kontekstində” mövzularında çıxış ediblər.
Konfrans işini növbəti gün bölmə iclaslarında davam etdirəcək.