CƏMİYYƏT
Mingəçevirdə dini icmaların 2018-ci il üçün hesabatları dinlənilib
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2018-ci il dini icmaların hesabatlarının dinlənilməsi ilə əlaqədar tədbir keçirilib. Bu barədə AZƏRTAC-a DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev dövlət-din münasibətlərinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və inkişaf etdiyini vurğulayıb. O, dini icmalara dövlət tərəfindən maddi dəstəyin göstərildiyini bildirib və keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib. Şöbə müdiri Azərbaycan rəhbərliyinin din sahəsinə göstərdiyi diqqət və qayğıdan da bəhs edib, ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin yüksək inkişaf etdiyini vurğulayıb.
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev Azərbaycanda dini icmaların maddi-texniki təminatının yaxşılaşdırılmasının, məscidlərin təmir, bərpa və inşasının dövlətin İslam dininə verdiyi böyük dəyərin bariz nümunəsi olduğunu deyib. O, Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti haqqında danışaraq dünyada tolerant ölkə kimi tanınan Azərbaycanın öz milli və dini dəyərlərinə sadiq olduğunu vurğulayıb.
Mingəçevir şəhəri “Zəhra” məscidi dini icmasının sədri Samit Lətifov, “Cümə” məscidi dini icmasının sədri Yusif Yusifov dövlətin dinə və din xadimlərinə verdiyi dəyərdən bəhs edərək, bu müstəvidə keçirilən maarifləndirici tədbirlərin vacibliyini vurğulayıblar.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.