REGİONLAR
Mingəçevirin yaşayış massivlərində və parklarında abadlıq işləri davam etdirilir
Mingəçevir, 11 avqust, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində bu vaxtadək Mingəçevirdə bir sıra sosial infrastruktur layihələri icra edilib. Respublikamızda tətbiq edilən xüsusi karantin rejiminin tələbləri yumşaldıqdan sonra Mingəçevir şəhərində bu işlər yenidən vüsət almağa başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Səməd Vurğun 19 və 20 ünvanlarında yerləşən 9 mərtəbəli binaların fasadları, yan və arxa divarları, pəncərə yamacları, giriş blokları, binaların giriş qapıları, pilləkən məhəccərləri, divar və tavan səthləri təmir edilib. Yaxın günlərdə həmin binaların dam örtükləri və liftləri də dəyişdiriləcək.
Bununla yanaşı, şəhər əhalisinin istirahətinin təşkili üçün “Qurucular” adlanan parkda yenidənqurma işlərinə başlanıb. Hazırda 1100 kvadratmetrə yaxın sahəsi olan parkda daş plitə döşəmələr yenilənir. Parkda yeni gül-çiçək kolları, dekorativ ağaclar əkiləcək, yaşıllıq salınacaq, söhbətgahlar yenilənəcək, oturacaqlar qoyulacaq.
Mingəçevirdə görülmüş abadlıq və yenidənqurma işləri çərçivəsində şəhərin Həzi Aslanov küçəsi başdan-başa yenilənib, asfalt örtüyü çəkilib, səkilərə daş plitələr döşənib. Görülən bu işlər şəhərin “Sağ sahil”, “Azərbaycan İES” yaşayış massivləri ərazisində da davam etdiriləcək.
Eyni zamanda, “Azərbaycan İES”, “Tərəvəzçilik” yaşayış massivlərində, sol sahildə yeni park və istirahət guşələrinin salınması nəzərdə tutulub.
Həmçinin şəhərin Heydər Əliyev prospekti boyunca bütün xiyabanlar, Nizami küçəsi boyunca uzanan park abadlaşdırılaraq yenidən qurulacaq.