SİYASƏT


Misir-Azərbaycan münasibətlərinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Qahirə, 22 iyun, AZƏRTAC

Misirin “Əl Hivar” Siyasi Dialoq və Media Araşdırmaları Mərkəzində Misir-Azərbaycan münasibətlərinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Əl Hivar” mərkəzinin şöbə müdiri Amira Əbdel Hakim, Qahirə Universitetinin ədəbiyyat fakültəsinin Şərq dilləri kafedrasının müdiri, professor Cəlal Əl Hifnəvi, Misirin Ali Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəisi Bağdadi İmam, Misir parlamentinin sabiq deputatı, professor Hişam Meqdi, ölkəmizin Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimov iki dost ölkə arasında əlaqələrdən bəhs ediblər.

Natiqlər bildiriblər ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, əlaqələrin inkişafı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin prezidentliyi dövrünə təsadüf edir. Dünyaşöhrətli siyasətçi Yaxın Şərq və Afrikanın ən mühüm ölkəsi olan Misirlə münasibətlərə xüsusi diqqət yetirib, onun 1994-cü ildə Qahirədə keçirdiyi görüşlərdən sonra ikitərəfli əlaqələrin inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb. Qısa zamanda siyasi, iqtisadi, mədəni və təhsil sahələrində sıx əməkdaşlıq vüsət alıb, rəsmi Qahirə BMT, İƏT və digər beynəlxalq platformalarda Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Təsadüfi deyil ki, Qahirənin Qalyubiyə rayonunda dahi siyasətçi Heydər Əliyevin abidəsi ucaldılıb, eyni zamanda, Xırdalan şəhərində Misir Parkı salınıb.

Çıxışlarda Azərbaycanın Misirin də təsisçisi olduğu Qoşulmama Hərəkatına sədrliyindən, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Qarabağın Ermənistanın işğalından azad olunmasından, düşmən tapdağından qurtulmuş ərazilərdə aparılan tikinti və quruculuq prosesindən də bəhs olunub.

Sonda “Əl Hivar” mərkəzi adından Misirdə diplomatik fəaliyyətini başa vurmuş səfirliyin əməkdaşı Emil Rəhimova Fəxri diplom təqdim edilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.