MƏDƏNİYYƏT


Misir əcnəbi turistlər üçün 5 illik viza tətbiq edəcək

Qahirə, 11 mart, AZƏRTAC

Misir hökuməti turizmin inkişafı məqsədilə viza rejimində dəyişiklik edəcək.

AZƏRTAC xəbər verir ki, Baş Nazir Mustafa Madbuli tezliklə əcnəbi turistlər üçün 5 illik viza tətbiq ediləcəyini, Misirə səyahət edənlərin hər səfərdə ölkədə 90 gün qala biləcəyini bəyan edib. Onun sözlərinə görə, vizaları elektron portalı vasitəsilə, habelə Misirin xaricdəki konsulluqlarından almaq mümkün olacaq.

Misir hökuməti bu qərarı Ətraf Mühit, Maliyyə, Turizm və Qədim Abidələr, Mülki Aviasiya nazirliklərinin iştirakı ilə keçirilən iclasda qəbul edib. Qeyd olunub ki, ölkəyə müntəzəm gələnlər, həmçinin ABŞ, Böyük Britaniya və Şengen vizası ölkələrinin vətəndaşları üçün xüsusi imkanlar yaradılacaq.

2014-cü ildə Misirə vizaların qiyməti 15 dollardan 25 dollara, çoxdəfəlik viza üçün isə 60 dollara qaldırılıb. Hökumət daha çox turist axınını təmin etmək üçün həm viza rejimində, həm də tarixi abidələrin yerləşdiyi şəhərlərdə geniş abadlıq işləri görür. Bir ay əvvəl Sfinks aeroportu istifadəyə verilib və beləliklə, Misirdə hava limanlarının sayı 33-ə çatdırılıb. Eyni zamanda, Qahirəyə səfər edən turistləri Qədim Misir ehramlarının olduğu Gizaya daşıyan avtobus marşrutları açılıb. Tezliklə açılışı olacaq Böyük Misir Muzeyi də turistlərin ən çox ziyarət edəcəyi məkan olacaq.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.