SİYASƏT
Ərəb KİV-ləri: Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədalətin mövcud olduğunu bütün dünyaya göstərdi
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan 2020-ci ildə Ermənistanın təxribatlarına cavab olaraq hərbi əməliyyatlara başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanı məğlubiyyətə uğradaraq onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2020-ci il noyabrın 10-da Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat imzalandı. Beləliklə, ötən ilin sonlarında 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Əhməd Abdullah Nəcmin Misirin “Nilenews”, Əlcəzairin “əl-Hərir”, “Dzayerinfo” və İraqın “Mustaqila” portallarında dərc olunmuş “Azərbaycan… Ədaləti bərpa edən güc” sərlövhəli məqaləsində yer alıb.
Müəllif qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev də vurğuladığı kimi, Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamağa məhz məcbur edilib. Beləliklə, Azərbaycan bu sənədlə tarixinin 30 ilə yaxın hüzn dolu, kədərli səhifəsini bağlayıb və yeni şərəf, qəhrəmanlıq səhifəsini açıb.
“Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər bir daha sübut edir ki, ədalət gec-tez zəfər çalır və haqq nahaqqa qalib gəlir. Bəli, Azərbaycanın 20 faiz torpaqları hələ 1993-cü ildə işğal olunmuşdu və elə həmin illərdə BMT Təhlükəsizlik Şurası bununla bağlı dörd qətnamə qəbul etmişdi. Həmin sənədlərdə Ermənistandan bu ərazilərin işğalına dərhal son qoyması tələb olunurdu. 1993-cü il aprelin 30-da qəbul edilmiş 822 saylı qətnamə bütün təcavüzkar əməllərin dayandırılmasını, bütün işğalçı qüvvələrin Azərbaycanın Kəlbəcər rayonundan və işğal olunmuş digər torpaqlarından çıxarılmasını tələb edirdi. Bu, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində sülh prosesinə dəstək sənədi idi”, - deyə müəllif vurğulayıb.
Əhməd Abdullah Nəcm bildirib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi digər qətnamələr də kağız üzərində qalmış və yerinə yetirilməmişdi. Halbuki, bu beynəlxalq sənədlərdə Ermənistanın təcavüzkar siyasəti pislənir və işğalçı qüvvələrin Azərbaycanın ərazisindən çıxarılması tələb olunurdu. Lakin Ermənistan hökuməti ötən illər ərzində nə bu qətnamələrə, nə də bənzər beynəlxalq çağırışlara məhəl qoymadı. Əksinə, bütün bu illər ərzində əhalisinin didərgin saldığı torpaqların demoqrafik tərkibini dəyişdirməklə məşğul oldu. Təbii ki, əksər Qərb ölkələrində mövcud olan güclü erməni lobbisi diqqəti bu məsələdən yayındıra bilmişdi.
Vurğulanıb ki, nəhayət, Azərbaycan BMT-nin qətnamələrini özü yerinə yetirərək torpaqlarını hərbi yolla işğaldan azad etdi. Bununla da o, ədaləti qoruyacaq gücə ehtiyac olduğunu sübut etdi. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədalətin mövcud olduğunu bütün dünyaya nümayiş etdirdi və sübuta yetirdi ki, güc varsa, ədalət itsə belə, onu bərpa etmək mümkündür.
Müəllif diqqətə çatdırıb ki, Azərbaycan tolerant ölkə olaraq nəsildən-nəslə miras qalan milli və mənəvi dəyərlərə üstünlük verir. Müxtəlif xalqların nümayəndələri burada dinc və əmin-amanlıqda yaşayırlar. Azərbaycanda məscidlərdən başqa, çoxsaylı kilsələr, sinaqoqlar da fəaliyyət göstərir. Bu da ölkədə multikulturalizm ənənələrinin qorunmasının təzahürüdür.