SİYASƏT
Misir qəzeti Azərbaycan Prezidentinin xalqa müraciətindən bəzi məqamları yayıb
Qahirə, 1 dekabr, AZƏRTAC
Misirin ən nüfuzlu “Əl Əhram” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən bəzi məqamları oxucularına təqdim edib.
AZƏRTAC xəbər verir ki, jurnalist Mahmud Diabın “Azərbaycan Prezidenti zəngin təbii ehtiyatlara malik Laçın rayonunun bərpası planının olduğunu bəyan edib” sərlövhəli məqaləsində Azərbaycanın dövlət başçısının 1800 kvadratkilometr ərazisi olan Laçının zəngin təbiəti, tarixi abidələri və yeraltı sərvətləri olduğunu, onun ölkənin gələcək inkişaf işlərində mühüm rol oynayacağını bildirdiyi qeyd edilib. Prezident İlham Əliyev bildirib ki, əhalisi 80 min nəfərə çatan bu rayonun sakinlərinin öz doğma yurdlarına qaytarılması əsas vəzifələrdən biri olacaq. Bu məqsədlə ermənilər tərəfindən dağılmış infrastrukturun, sökülmüş binaların bərpası üçün müvafiq dövlət qurumu yaradılıb və bu işlərin hamısı koordinasiya şəraitində aparılacaq. Artıq Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılıb, Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisinə başlanılıb.
Məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev işğaldan azad edilən Laçın rayonunda 22 min hektar, Kəlbəcərdə 24 min hektar, Zəngilan və Qubadlıda 12 min hektar meşə sahəsinin olduğunu, Azərbaycanın bu sərvətlərinin 30 ilə ərzində mənfur, vəhşi düşmən tərəfindən qırılıb, talanıb və yandırıldığını söyləyib. Onların bərpası da diqqət mərkəzində olacaq.
Prezident İlham Əliyevin xalqa müraciəti haqqında xəbər və məqalələr “Əxbarelyoum” qəzetinin saytında, habelə “Əl Vəsilə”, “Səllmina”, “Qalyubiyyanews” informasiya portallarında da yerləşdirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə