DÜNYA
Misir sahillərində miqrantları daşıyan gəminin batması nəticəsində ölənlərin sayı 140-ı ötüb
Bakı, 23 sentyabr, AZƏRTAC
Aralıq dənizinin Misir sahillərində miqrantları daşıyan gəminin batdığı ərazidə axtarış işlərini davam etdirən xilasedicilər ümumilikdə sudan 144 nəfərin cəsədini çıxarıblar. Bu barədə Misirin “Nayl-TV” kanalı məlumat yayıb. Telekanal, həmçinin yüzdən çox insanın itkin düşdüyünü bildirib.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, axtarış-xilasetmə işlərinin bu gün axşamadək başa çatdırılacağı bildirilir. Xatırladaq ki, göyərtəsində Afrikanın müxtəlif ölkələrindən 400-600 miqrantın olduğu gəmi sentyabrın 21-də Misir sahillərindən 12 kilometr aralıqda batıb. Sahil mühafizə xidməti yalnız 150 nəfəri xilas edə bilib.
Misirin sahil mühafizə xidməti hər həftə Aralıq dənizi vasitəsilə Avropaya keçmək istəyən qeyri-qanuni miqrantlar barədə məlumat verir. Misirdə Avropa ölkələrinə getmək istəyənləri gəmilərlə aparan cinayətkar mütəşəkkil qruplaşmalar fəaliyyət göstərir. Bəzi məlumatlara görə, bunun üçün mühacirlərdən adambaşına iki min dollar alınır. İnsanlarla hədsiz dərəcədə yüklənmiş nasaz gəmi və qayıqların açıq dənizə çıxması isə çox vaxt bu cür ağır faciələrlə nəticələnir.