DÜNYA
Misir təbii qazının İordaniya ərazisindən Livana nəqli barədə razılıq əldə olunub
Qahirə, 8 sentyabr, AZƏRTAC
Əmmanda keçirilən Misir, İordaniya, Livan və Suriyanın enerji nazirlərinin görüşündə Misir təbii qazının dərin enerji böhranı keçirən Livana nəqli barədə razılıq əldə edilib. Rəsmi Petra agentliyinin xəbərinə görə, mavi yanacağın nəqli İordaniya ərazisi vasitəsilə həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Misirin neft və mineral ehtiyatlar naziri Tarik Əl-Molla jurnalistlərə müsahibəsində təbii qazın tezliklə nəqli üçün zəruri infrastrukturun mövcud olduğunu bildirib. O əlavə edib ki, bu məsələdə Dünya Bankı da Livan hökumətinə yardım edəcək.
Enerji təchizatında gərginliyin olduğu Livan hökuməti Misirdən alınacaq təbii qazla 450 meqavat elektrik enerjisi hasil etməyi planlaşdırır. Livanın enerji naziri Raymond Qacar bildirib ki, mavi yanacaq müqabilində maliyyə vəsaiti Dünya Bankından alınacaq kredit hesabına ödəniləcək.
ABŞ administrasiyası da Livanda dərin enerji böhranı məsələsini həll etmək məqsədilə İordaniya və Misir hökumətləri ilə danışıqlar aparıb. Lakin Vaşinqtonun bu problemin nizama salınmasında Suriyanın iştirakına müsbət yanaşmadığı bildirilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə