DÜNYA
Misir və İordaniya İraqın suverenliyinə dəstək ifadə ediblər
Qahirə, 7 dekabr, AZƏRTAC
Əmmanda Misir, İordaniya və İraqın xarici siyasət idarələrinin rəhbərləri Sami Şükrü, Ayman Safadi və Fuad Hüseyn arasında üçtərəfli əməkdaşlıq formatında görüş keçirilib.
AZƏRTAC Petra agentliyinə istinadla xəbər verir ki, görüşdən sonra keçirilmiş mətbuat konfransında Misir və İordaniyanın xarici işlər nazirləri İraqın suverenliyi və təhlükəsizliyinə dəstək ifadə ediblər. Nazirlərin bəyanatında qeyd olunub ki, üç ərəb ölkəsi arasında dövlət başçıları səviyyəsində keçirilən görüşlər regional əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Xarici işlər nazirləri arasında aparılan danışıqlarda iqtisadi, sosial və mədəni sahələrdə əlaqələrin inkişafı ilə yanaşı, Fələstin probleminin həlli, Yaxın Şərqdə baş verən son hadisələr də müzakirə olunub.
Qeyd edək ki, Misir, İordaniya və İraq liderlərinin təşəbbüsü ilə üçtərəfli formatda aparılan danışıqlarda əsas məqsəd ərəb ölkələrinin həmrəyliyinə nail olmaqdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə