DÜNYA
Misirdə hökumət əhalini ərzağa qənaət etməyə çağırıb
Qahirə, 16 iyun, AZƏRTAC
Misirin Baş naziri Mustafa Mədbuli qlobal böhranla əlaqədar əhalini ərzaq məhsullarını rasional istehlak etməyə çağırıb. O əlavə edib ki, qənaət rejimi ölkədən külli miqdarda valyuta çıxışının qarşısını almaq üçün ən yaxşı vasitədir.
AZƏRTAC xəbər verir ki, Misir hökumətinin başçısı qarşıdan gələn Qurban bayramına hazırlıqla bağlı keçirdiyi mətbuat konfransında hazırkı ərzaq böhranını son 100 ilin ən ağır problemi adlandırıb. Onun sözlərinə görə, Misirin cəmi altı aylıq neft, taxıl və şəkər ehtiyatları qalıb və bu resurslardan səmərəli istifadə qarşıdakı daha ciddi problemlərin qarşısını ala bilər. Hazırda taxıl ehtiyatları bol olan ölkələrlə danışıqlar aparıldığını diqqətə çatdıran Baş nazir vurğulayıb ki, əvvəllər idxalın 80 faizini təşkil edən Rusiya və Ukrayna mənbələrinə alternativlər axtarışı davam edir. Bu ölkələrin sırasında Hindistan, Bolqarıstan və Rumıniya da var.
Misir hökumətinin başçısı Qurban bayramında heyvan kəsilməsi prosesinə də nəzarət edəcək. Ərazisinin böyük hissəsinin səhra olduğu bu ölkədə ət məhsullarına da qənaət edilməsinə əhəmiyyət verilir. Misir Prezidenti Əbdülfəttah əs-Sisi hökumətə ərzaq məhsullarının qiymətlərinə nəzarət etmək göstərişi verib. O bildirib ki, hazırkı şəraitdə yeganə çıxış yolu minimal xərclərin təmin edilməsidir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə