DÜNYA
Misirdə sərt karantin tədbirlərinin pandemiyaya müsbət təsiri hiss olunmur
Qahirə, 14 may, AZƏRTAC
Misir hökumətinin Ramazan bayramı günlərində tətbiq etdiyi sərt karantin tədbirlərinə baxmayaraq, bu ölkədə COVID-19-a yoluxanların sayı artmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi son sutkada 1193 nəfərin yeni növ koronavirusa yoluxduğu, 61 pasiyentin isə vəfat etdiyini bildirib. Beləliklə, COVID-19-a yoluxanların ümumi sayı 243 min, həyatını itirənlər isə 14150 nəfərə çatıb. Misir pandemiya dövründə ölüm hallarına görə ərəb ölkələri və Şimali Afrikada birinci yeri tutur.
Ramazan bayramı günlərində Misirdə qapalı olan parklar və çimərliklərdə xüsusi polis nəzarəti həyata keçirilir. Həmçinin restoran, kafe və marketlər axşam saatlarında bağlanılır. Eyni zamanda, fövqəladə vəziyyət rejiminin davam etdiyi ölkədə ordu da daxili sabitliyin və təhlükəsizliyin qorunmasına cəlb olunub. Bütün bunlara baxmayaraq, Qahirənin ətraf rayonlarında əhalinin sıx toplaşması, xüsusən məscidlərdə ibadət vaxtı dindarların axını müşahidə edilir. Yoluxmanın artmasını önləmək məqsədilə məscidlərin imamlarına bayram günlərində gecə namazı keçirmək qadağan edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə