QAN YADDAŞI
Misirli baş redaktor Xocalı soyqırımının ildönümünə həsr olunmuş geniş məqalə yazıb
Qahirə, 26 fevral, AZƏRTAC
Misirin “Asiaelyoum” informasiya agentliyinin baş redaktoru, politoloq Əbubəkir Əl-Məcd Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş geniş məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Xocalı şəhərində erməni silahlıları tərəfindən törədilmiş dəhşətli qətliam haqqında ətraflı məlumat verilir. Bütün dünyanın bu vəhşilikləri edən qatillərin ədalət məhkəməsi qarşısında cavab verəcəyi günü gözlədiyini qeyd edən müəllif vurğulayıb ki, artıq torpaqları işğaldan azad edən Azərbaycan Ordusu həmin faciənin qurbanlarının qisasını döyüş meydanında almağa müvəffəq olub. O yazıb: “Azərbaycan Prezidenti bunun təkcə işğalın deyil, həm də erməni faşizminin sonu olduğunu deyib. Əlbəttə, Prezident haqlıdır. Amma ermənilərin törətdikləri vəhşilikləri faşistlər də etməyib. Bu qətliam insan cildində olan iblislərin əməlidir. İnsan oğlu bu cür vəhşiliklər törədə bilməz. Bu əməllərə qana susamış şeytan qadirdir. Qatillər çaqqal sürüsü kimi dinc insanların, o cümlədən qadın və uşaqların meyitlərini də tanınmaz və qorxulu hala salıb, başlarını kəsib, dərilərini soyublar. Lakin unudublar ki, Uca Yaradan bu cür əməllərin cəzasını verəcək və məsum insanların qanı yerdə qalmayacaq. İndi insanlığa qarşı ağır cinayəti törədənlərin bu dünyada - ədalət məhkəməsi qarşısında da cavab verməsi zamanı gəlib”.
Məqalədə ermənilərin, o cümlədən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Xocalıda törədilmiş qətliamı etiraf etdikləri, dünyanın nüfuzlu mətbuat orqanlarında Xocalıda baş vermiş dəhşətli hadisə haqqında yazılar və fotoşəkillər dərc olunduğu diqqətə çatdırılır. Müəllif yazır ki, Xocalı soyqırımında sonra daha da vəhşiləşən ermənilər Azərbaycanın digər ərazilərini də işğal etmiş, yaşayış məntəqələrini, infrastrukturu, məscidləri dağıtmış, müsəlman məbədlərində donuz saxlamaqla bütün İslam aləmini təhqir etmişlər. Bu barbarlıqlar UNESCO və ICESCO-nun qəbul etdikləri sənədlərdə də öz əksini tapıb.
Məqalənin sonunda qeyd olunub ki, Prezident İlham Əliyevin apardığı təmkinli və düşünülmüş siyasət öz bəhrəsini verib və cəmi 44 gün ərzində qəhrəman Azərbaycan Ordusu torpaqları vəhşi düşmənin tapdağından azad edib. İndi qalib xalq yeni tərəqqi dövrünə qədəm qoyub. Xocalıda cinayət törədən Ermənistan isə dağılmaq təhlükəsi ilə üzləşib. Hazırda baş nazir Paşinyanla ordu arasında davam edən gərginlik, dövlət çevrilişi cəhdləri törədilmiş cinayətlərin labüd sonu, Xocalı qurbanlarının ah-naləsinin nəticəsidir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə