CƏMİYYƏT
Mobil telefonların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli sayda mobil telefonun ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan edilmədən gizli keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Doha-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşları nəzarətə götürülüb. Həmin şəxslər “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və “Qırmızı kanal”a yönləndirilib. Daha sonra təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunublar. Bu zaman Pakistan vətəndaşlarından, ümumilikdə 10 ədəd “iPhone” markalı mobil telefon aşkarlanıb. Araşdırma nəticəsində məlum olub ki, həmin vətəndaşlardan biri “iPhone” markalı mobil telefonları gömrük nəzarətinə əvvəlcədən şifahi, yazılı və ya elektron formada bəyan etmədən güzəştli qaydada keçirmək məqsədilə onunla birlikdə Doha-Bakı aviareysi ilə gələn sərnişinlərə paylayıb.
Faktla bağlı araşdırma aparılır.