MƏDƏNİYYƏT
Modelyer Günay Mirzə: Hər bir azərbaycanlı modelyerin kolleksiyasında mütləq milli geyimlər olmalıdır VİDEO
Bakı, 30 aprel, Pərvanə Rəhimova, AZƏRTAC
Dünyada elə şeylər var ki, onlarda yazın gəlişin daha tez özünü göstərir. Baharda təbiətlə bərabər, insanlar da dəyişikliklərə həvəsli olur. Bu fəsildə geyimlər daha rəngarəng, daha sərbəst və gözəlliyi ilə seçilir.
AZƏRTAC-ın budəfəki qonağı da yaz fəsli kimi incə və zərif geyimlərin müəllifi, gənc modelyer Günay Mirzədir.
Günay Mirzə 4 ildir modelyer sənəti ilə peşəkar səviyyədə məşğul olur. O, İtaliyada İstituto Superiore məktəbində usta dərəcəsinə yüksəlib.
Uşaqlıqdan modelyer olmağı arzulayan həmsöhbətimizdən öyrəndik ki, hələ kiçik yaşlarından öz təxəyyülünə uyğun fantaziyalar qurub, eskizlər çəkib, müxtəlif parçalardan hazırlanan formalara böyük maraq göstərib. Orta məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının moda fakültəsinə daxil olub. Bakalavr pilləsində təhsilini başa vurduqdan sonra İtaliyanın Neapol şəhərindəki İstituto Superiore dizayn İnstitutunda magistr təhsili alıb. 2011-ci ildə Azərbaycana qayıdaraq professional fəaliyyətə başlayıb.
“Özümü tanıyandan moda ilə məşğul oluram. Ancaq psixologiya sahəsi ilə də çox maraqlanıram. Yəqin ki, modelyer olmasaydım, psixoloq olacaqdım. Bu sahə mənə maraqlı gəlir”- deyə, gənc modelyer vurğulayıb.
Günay Mirzə dünya dəbinin mərkəzlərindən olan İtaliya moda aləminin onun sənətinə və fəaliyyətinə göstərdiyi təsirindən danışaraq deyib: “İtaliyada professional, dəb sahəsində aparıcı sayılan dəfilələrdə iştirak edən müəllimlərdən dərs aldım, nəticədə bu sahəyə baxışımda çox böyük dəyişikliklər oldu. İtaliyada müəllimim, tanınmış tənqidçi B.Giordano kolleksiyalarımı bəyəndiyini bildirmişdi. Neapolda qalıb mənə təklif olunan aksessuar və çanta dizaynı işi ilə məşğul ola bilərdim, lakin Vətənə dönməyə qərar verdim. Bütün insanlar individualdır, bütün sənət aləmi - istər musiqi, dizayn və ya rəssamlıq sahəsində hər bir sənətkarın öz dəst-xətti var”.
Modelyer dizayn verdiyi geyimlərdən və yeni kolleksiyası barədə məlumat verərək bildirib ki, yeni kolleksiyasında daha avanqard üslubda işləməyə çalışır. Bu kolleksiyanın əsası İtaliyada qoyulub, eskizlər orada hazırlanıb. Onları həyata keçirmək fikrində deyildim, çünki çox avanqard idi və burada necə qarşılanacağını bilmirdim. Yeni kolleksiyamın təqdimatının vaxtı hələlik bəlli deyil. “İlin modelyeri” seçilən Günay xanım bu kolleksiyasını “İncəlik” adlandırıb.
Sonuncu dəfiləsinin “Feminen” adlandığını söyləyən həmsöhbətim bildirdi ki, bunun mənası “incə, qadınsayağı” deməkdir. Burada müxtəlif rənglərdən, tərz olaraq isə müxtəlif ziyafət və gündəlik geyimlərdən istifadə olunmuşdu. Ümumilikdə isə Avropasayağı kolleksiya idi.
Milli geyimlərə xüsusi önəm verən Günay Mirzə bu haqda da fikirlərini bölüşüb: “Düşünürəm ki, hər bir azərbaycanlı modelyerin kolleksiyasında mütləq milli geyimlər olmalıdır. Mənim kolleksiyamda da özünəməxsus milli geyimlər var. Onları bacardığım qədər, özümə uyğun qeyri-adi dizayn etmək istəmişəm. Geyimlərimdə incəlik, zərifliklə yanaşı, Avropa ab-havası da hiss olunur.
Gələcək planları haqda da məlumat verən Günay Mirzə, ölkəmizin moda aləmində görmək istədiklərindən danışıb. Modelyer bildirib ki, yeni kolleksiya xanımlara eyni zamanda romantik ab-hava bəxş edəcək.
Bütün moda sahəsində çalışanların arzusu professional moda həftələrində Azərbaycanı təmsil etməkdir. Çox istərdim ki, sadə insanlarımız, hətta sənətkarlarımız sırf yerli markalara üstünlük versinlər. Hətta xarici sənətkarlar da bizim modelyerlərə müraciət etsin.