DÜNYA
Moldova MSK növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb
Kişineu, 12 iyul, AZƏRTAC
Moldova Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində seçici bülletenlərinin sayılmasını yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının seçki bülletenlərinin 100 faizi hesablanıb. Hesablamanın nəticələrinə görə, Moldova Prezidenti Maya Sandunun rəhbərlik etdiyi “Fəaliyyət və Həmrəylik” partiyası seçicilərin 52,80 faizinin səsini toplayıb. Moldovanın sabiq Prezidenti İqor Dodonun sədri olduğu “Sosialistlər” partiyası isə 27,17 faiz səslə ikinci yerdədir. Yəhudi əsilli iş adamı İlan Şorun rəhbəri olduğu partiya 5,74, digər tanınmış iş adamı, həm də Rusiya vətəndaşı Renato Usatıyın partiyası isə 4,10 faiz səs toplayıb.
Erkən parlament seçkilərində seçicilərin 48,32 faizi səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, Moldovada erkən parlament seçkilərində 20 partiya, iki siyasi blok və bir müstəqil namizəd iştirak edib. Moldova parlamenti buraxılanadək “Fəaliyyət və Həmrəylik” partiyası Moldova parlamentində 15 mandata sahib idi. Ən çox deputat yeri isə sosialistlərin əlində idi. Onlar 37 mandatla təmsil olunurdular.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu