SİYASƏT
Moldova mətbuatı Azərbaycanın Fransa Senatının qərəzli qətnaməsinə etirazından yazır
Kişineu, 27 noyabr, AZƏRTAC
Moldova mətbuatı Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə layihəsinin qəbulu ilə bağlı Azərbaycanın etirazına dair məqalələr dərc edilib.
AZƏRTAC xəbər verir ki, Moldovanın “NOİ.md”, “Disug.md”, “Point.md”, “eNews.md”, “AVA.md”, “İPN.md” və digər informasiya portallarında dərc olunan məqalələrdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibətinə, Milli Məclisdə bununla bağlı müzakirə olunan məsələlərə diqqət çəkilib.
Məqalələrdə H.Hacıyevə istinadla qeyd edilir: “Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nin daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur”.
Bundan başqa, yazılarda Milli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatının qəbul olunması, Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması kimi fikirlər də yer alıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu