QAN YADDAŞI
Moldova portalında AZƏRTAC-ın xüsusi müxbirinin Xocalı soyqırımı barədə məqaləsi dərc edilib
Bakı, 26 fevral, AZƏRTAC
Moldovanın nüfuzlu tribuna.md portalı AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqaləsini dərc edib.
AZƏRTAC xəbər verir ki, “Xocalı soyqırımı-insanlığa qarşı cinayət” sərlövhəli məqalədə ermənilərin Xocalıda törətdiyi vəhşilik, müharibə cinayəti barədə ətraflı məlumat verilib.
Məqalədə keçmiş Sovet İttifaqının 366-cı alayının hərbi texnikası və heyəti ilə birlikdə şəhərə hücum edən ermənilərin burada törətdikləri vəhşiliklər barədə həm alayın hərbçiləri, həm də əcnəbi jurnalistlərin sonradan təsdiqlədikləri faktlarla qeyd olunur. Vurğulanır ki, Xocalı soyqırımı nəticəsində aralarında uşaqların, qadınların və qocaların olduğu 613 nəfər amansızcasına qətlə yetirilib, 487 nəfər yaralanıb və 1275 nəfər müxtəlif işgəncələrə məruz qalıb.
Müəllif yazır: “Dünya ictimaiyyətinin fəaliyyətsizliyinə və cəzasızlığına əmin olan erməni tərəfi 30 illik işğal dövründə Azərbaycanın şəhər və kəndlərini xarabalığa çevirdi. 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs müqaviləsi imzalanarkən Kəlbəcər, Laçın, Ağdam bölgələrinin azad edilməsi üçün 2 həftəlik bir müddət təqdim edildiyi zaman bütün dünya erməni əhalisinin bölgədən çıxan zaman vəhşiliyin şahidi oldu. İşğal olunmuş ərazilərdə dini, tarixi və mədəni abidələr viran qoyuldu, evlər yandırıldı, meşələr və ağaclar kəsildi. Bununla da bütün dünya tarixdə analoqu olmayan vəhşiliklərə və qəddarlıqlara şahidlik etdi”.
1992-ci ildə Xocalıda mülki insanlara qarşı soyqırımı siyasəti 2020-ci ildə Gəncə, Tərtər, Bərdə və digər şəhərlərdə davam etdirildi. Ermənistan mülki əhaliyə qarşı raketlərdən qadağan edilmiş kasetli və fosforlu bombalardan istifadə etdi Dinc əhalinin atəşə tutulması nəticəsində 100-dən çox sakin şəhid oldu. Cəzasız qalan bir cinayət həmişə yeni cinayətlərə rəvac verir. Ona görə də beynəlxalq birlik Ermənistanın müharibə cinayətlərinə göz yummamalı öz hüquqi qiymətini verməlidir.