DÜNYA
Moldovanın Baş naziri: kadrların əsassız olaraq işdən çıxarılması dövlət strukturlarını iflic edib
Kişineu, 14 noyabr, AZƏRTAC
Moldovada bir neçə gün öncə təhrik olunan siyasi böhran ölkədə son dərəcə mənfi nəticələrə səbəb ola bilərdi və qış mövsümü ərəfəsində vəziyyət daha da ağırlaşardı.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu fikri parlamentdə çıxışı zamanı Moldovanın yeni Baş naziri İon Kiku söyləyib. Onun sözlərinə görə, ilin sonuna 32 iş günü qalsa da, ölkənin 2020-ci il üçün dövlət büdcəsi hələ də təsdiqlənməyib. “Kadrların tamamilə məsuliyyətsiz və əsassız olaraq işdən çıxarılması dövlət strukturlarının fəaliyyətini iflic edib. Siyasi böhran sosial sahə üçün ciddi fəsadlar törədə bilər”, - deyə İ.Kiku bildirib.
Baş nazir yeni hökumətin siyahısını da parlamentə təqdim edib.
Bu gün Moldova parlamenti İon Kikunu ölkənin yeni Baş nazirini seçib. Onun namizədliyini Moldova Prezidenti İqor Dodon irəli sürüb.
Xatırladaq ki, Moldova parlamenti Avropayönümlü “Acum” (“İndi”) bloku tərəfindən formalaşdırılan Maya Sandu hökumətinə etimadsızlıq votumu ifadə edib. Bu barədə qərar qanunverici orqanın noyabrın 12-də keçirilən iclasında qəbul olunub. Etimadsızlıq votumu səsvermədə iştirak edən 63 deputatın (101 deputatdan) dəstəyini qazanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu