ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ötən il dörd mühüm nəticə əldə olunub
Bakı, 29 yanvar, AZƏRTAC
2021-ci ildə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 6 şöbə və 14 laboratoriyasında (o cümlədən 5 beynəlxalq laboratoriya) elmi tədqiqatlar üç istiqamət və üç problem ətrafında altı mövzu üzrə aparılıb. Elmi-tədqiqatlar institutun 120 əməkdaşı, o cümlədən 72 elmi işçisi, AMEA-nın bir həqiqi, dörd müxbir üzvü, on bir elmlər doktoru və professor, iyirmi bir fəlsəfə doktoru tərəfindən davam etdirilib və dörd mühüm nəticə əldə olunub.
AZƏRTAC-a institutdan verilən məlumata görə, həmin nəticələrin əks olunduğu məqalələr nüfuzlu “Web of Science” və “Scopus” beynəlxalq bazalarında indeksləşən yüksək impakt faktorlu jurnallarda dərc olunub.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda mütəmadi olaraq müasir çağırışları, eləcə də dünya elmində müşahidə edilən yeni tendensiyaların təhlili aparılıb, dünya üçün prioritet sayılan kompüter biologiyası, süni intellekt, maşınöyrənmə üsullarının tətbiqinə yönəlmiş kompleks tədqiqatlar daha da gücləndirilib.