ELM VƏ TƏHSİL
“Molla Nəsrəddin” jurnalı və milli ədəbi dəyərlər” kitabı nəşr olunub
Bakı, 13 noyabr, AZƏRTAC
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevanın “Molla Nəsrəddin” jurnalı və milli ədəbi dəyərlər” kitabı çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən işıq üzü görüb. Monoqrafiyanın elmi redaktoru və “Mollanəsrəddinşünaslıqda yeni imza” adlı “Ön söz”ünün müəllifi Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, rəyçiləri filologiya elmləri doktorları, professorlar Vüqar Əhməd və Allahverdi Məmmədlidir.
“Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyada “Molla Nəsrəddin” jurnalının problematikası, klassik irsə və folklora yaradıcı münasibəti, çoxsaylı rubrikaları tədqiq edilib. Kitab doqquz fəsil, qırx yarımfəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Tədqiqat əsərində jurnalın milli istiqlal uğrunda mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyəti, Qarabağ mövzusu və “Molla Nəsrəddin”in türkdilli xalqların satirik mətbuatına təsiri məsələləri tarixi-müqayisəli və elmi-nəzəri aspektdən təhlil edilib.