ELM VƏ TƏHSİL
Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda Azərbaycan üzrə ilk mütəxəssislərin buraxılışı olmuşdur VİDEO
Moskva, 17 iyun (AZƏRTAC). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunda (AAÖİ) Mərkəzi Asiya və Qafqaz ölkələri kafedrasının Azərbaycan dili bölməsinin ilk buraxılışına həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
MDU AAÖİ-nin direktoru, professor İqor Abılqaziyev Azərbaycan dilini öyrənən tələbələri təbrik edərək bildirmişdir ki, AAÖİ tələbələri xalqın təkcə dilini deyil, həm də tarixini, adət və ənənələrini öyrənirlər. O demişdir: “Məzunlarımız təkcə tərcüməçi deyillər. Onlar dilini öyrəndikləri ölkəni tanıyır və sevirlər. Əminəm ki, onlar Rusiya və Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsi üçün mümkün olan hər şeyi edəcəklər”.
AAÖİ-nin prezidenti, professor Mixail Meyer vurğulamışdır ki, məzunlar hələ çox şeyi öyrənməlidirlər. O demişdir: “Azərbaycan elə sürətlə inkişaf edir ki, heç bir dərslik bu günün reallıqlarını əks etdirməyə macal tapmır. Biz Rusiyanın xarici siyasətlə məşğul olan strukturlarını Azərbaycanı tanıyan, başa düşən və sevən mütəxəssislər ilə təmin etmək istəyirik”.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin ictimai əlaqələr və KİV-lər üzrə şöbəsinin rəhbəri Tamilla Əhmədova bildirmişdir ki, MDU AAÖİ-nin Azərbaycan üzrə mütəxəssislərinin birinci buraxılışı əlamətdar hadisədir. Çünki birinci olmaq həm qürurlandırır, həm də məsuliyyətlidir. O demişdir: “Azərbaycanın rusiyalılar üçün nə dərəcədə yaxın və anlaşılan olması sizdən asılıdır”. T.Əhmədova Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təbrik məktubunu oxumuşdur. Məktubda deyilir ki, dilə yiyələnən məzunlar mədəniyyətimizi daha yaxşı başa düşür, tariximizi öyrənir və deməli, Azərbaycan və Rusiya xalqlarını bir-birinə daha yaxın və anlaşılan edir. Puşkinin və Dostoyevskinin, Tolstoy və Nabokovun dili xalqımıza yaxın və başa düşüləndir. Orta məktəblərdə rus dili keçilir, bu dil ali məktəblərdə tədris olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti yazır: “Azərbaycan regionun siyasi və iqtisadi lideri olmuşdur. Dünya ölkəmizlə maraqlanır. Odur ki, Azərbaycan dilini bilmək zamanın obyektiv tələbidir. Ümidvaram ki, siz artıq Azərbaycan dilini sevmisiniz, biliyinizi bundan sonra da təkmilləşdirəcək və başqalarına ötürəcəksiniz”. Leyla Əliyevanın məktubunda o da vurğulanır ki, Heydər Əliyev Fondu və onun Rusiya nümayəndəliyi AAÖİ-nin Azərbaycan dili bölməsinin Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə yönəlmiş bütün ideya və təşəbbüslərini fəal dəstəkləmişlər və bundan sonra da dəstəkləyəcəkdir.
Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundovanın sözlərinə görə, Azərbaycan dilinin öyrənilməsi xalqımıza, ölkəmizə, indiki halda isə Azərbaycan və Rusiya arasındakı dostluq münasibətlərinə ehtiramın təzahürüdür. N.Axundova Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından institutun müəllim və tələbələrini təbrik etmişdir.
Mərkəzi Asiya və Qafqaz ölkələri kafedrasında Azərbaycan dilini öyrənən rusiyalı tələbələr Azərbaycan dilində maraqlı proqram təqdim etmişlər. Onlar məşhur Azərbaycan mahnılarını və Azərbaycanın klassik şairlərinin şeirlərini ifa etmişlər. Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasından parçalar heyranlıqla qarşılanmışdır. Səhnəciklər Azərbaycan dilində təqdim olunmuşdur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva