CƏMİYYƏT
Moskvada “Qanın milləti yoxdur” aksiyası keçirilib
Moskva, 10 noyabr, AZƏRTAC
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə noyabrın 9-da Moskvada “Qanın milləti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla Əliyevanın təşəbbüsü olan bu tədbir İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin kliniki transfuziologiya və hematologiya kafedrasında təşkil edilib.
Qanvermə aksiyası hər il iyunun 14-də Dünya Qan Donoru Günü keçirilir. Budəfəki aksiya qan xəstəliklərindən əziyyət çəkən adamlardan RAGB-ın rəhbərliyinə yardım göstərilməsi xahişi ilə çoxsaylı məktublar daxil olduğuna görə təşkil edilib. Çox təəssüf ki, müraciət edənlərin böyük əksəriyyəti donor qanına ehtiyacı olan uşaqlardır.
Həmin gün 50-dən çox adam hemofiliyalı xəstələr və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün qan verib. Aksiyada Azərbaycan, Rusiya, Malayziya, Özbəkistan, Gürcüstan və başqa ölkələrdən tələbələr iştirak ediblər.
Tədbirin əsas təşkilatçılarından biri, RAGB-ın nəzarət-təftiş komissiyasının üzvü, tibb elmləri namizədi Samir Əliyev deyib: “Aksiya iştirakçıları bir tərəfdən öz sağlamlıq durumu haqqında məlumat alır, digər tərəfdən, qana ehtiyacı olan insanlara kömək etməklə xeyirxah iş görürlər”.
Pulsuz donor aksiyalarında hər il yüzlərlə gənc iştirak edir, toplanmış vəsait isə xəstə uşaqların müalicəsinə yönəldilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva