SİYASƏT
Müdafiə Nazirliyinin şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir
Bakı, 25 iyun (AZƏRTAC). Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə iyunun 25-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn şəxsi heyət Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək məzarları üzərinə tər çiçəklər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoymuşlar.