ELM VƏ TƏHSİL
Müəllimlərin işə qəbulu üçün test imtahanında COVID-19 peyvəndi ilə bağlı sənəd tələb olunmayacaq
Bakı, 4 iyun, AZƏRTAC
Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 peyvəndi ilə bağlı hər hansı sənəd tələb olunmayacaq.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən məlumat veriləcək. Qeyd olunub ki, koronavirus infeksiyasının daha geniş yayılmasının qarşısının alınması, eyni zamanda, özümüzün və digər vətəndaşların sağlamlığının təmin edilməsi məqsədilə namizədlərin virus əleyhinə peyvənd olunması tövsiyə edilir.
Xatırladaq ki, bu gün 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron sənəd qəbulu prosesinə başlanılıb. Sənəd qəbulu iyunun 11-dək davam edəcək. Müsabiqə 4 mərhələdən (elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçimi və müsahibə mərhələsi) ibarətdir. Elektron sənəd qəbulu mərhələsində namizədlər miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.