CƏMİYYƏT
Muhammed Caved Qani: Ağdam tamamilə dağıdılmış şəhərdir
Bakı, 18 sentyabr, AZƏRTAC
Biz işğaldan azad olunmuş Şuşa və Ağdama, eyni zamanda, Tərtərə səfər etdik. Minalanmış əraziləri gördük. Ağdam tamamilə dağıdılmış şəhərdir. Bu şəhərdə ermənilər tərəfindən dağıdılmış tarixi yerləri, məqbərələri ziyarət etdik. Gördüyümüz mənzərə dəhşətlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Baş katibinin müşaviri Muhammed Caved Qani sentyabrın 18-də keçirilən mətbuat konfransında bildirib.
Səfər zamanı işğaldan azad olunmuş ərazilərin çox pis vəziyyətə salınmasını görməyin böyük təəssüf hissi doğurduğunu qeyd edən müşavir deyib: “İnsan bu əraziyə səfər edərkən anlayır ki, bura viran qoyulduğundan yaşamaq üçün əlverişli deyil. Tərtər şəhərinə də səfərimiz zamanı orada mülki obyektlərə hücum nəticəsində binaların dağıdıldığının şahidi olduq. Əsas çətinliklər minalarla bağlıdır. Mina xəritəsinin olmaması oradakı işlərin rahat həll edilməsinə əngəl yaradır. Biz topladığımız faktları hazırlayacağımız hesabatda qeyd edəcəyik”.