MƏDƏNİYYƏT
Musiqi məktəbində Arif Məlikovun əsərləri səsləndirilib
Bakı, 11 yanvar, AZƏRTAC
Yanvarın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Hacıyev adına 15 nömrəli 11 illik musiqi məktəbində görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun anadan olmasının 85 illiyinə həsr edilmiş tədbir keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbiri nəzəriyyə şöbəsinin müəllimi Cəmalə Əliyeva açaraq görkəmli bəstəkar A.Məlikovun yaradıcılığından söhbət açıb.
Bildirib ki, böyük sənətkar məhsuldar fəaliyyəti ilə Azərbaycan tarixində və mədəniyyətində iz buraxmağı bacarıb və həm bəstəkar, həm rəssam, həm müəllim kimi ölkəsinə xidmət göstərib. Onun baletləri, kantataları, operettaları, müxtəlif janrlı kamera-instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün süitaları, romans və mahnıları, film və tamaşalara musiqiləri milli musiqi xəzinəmizi zənginləşdirib. Bu musiqilər yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində səslənərək müəllifə böyük şöhrət qazandırıb.
Sonra məktəbin müəllim və şagirdləri görkəmli bəstəkarın seçilmiş əsərlərindən ibarət musiqi nömrələri ilə çıxış ediblər.
Konsert iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.