MƏDƏNİYYƏT
Musiqi məktəbində növbəti onlayn tədbir keçirilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbində Milli Musiqi Günü münasibətilə onlayn tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə məktəbin nəzəriyyə şöbəsinin müəllimi Pərvanə Rüstəmova çıxış edərək dahi bəstəkarın həyat və yaradıcılığından, Azərbaycan musiqi tarixindəki mühüm rolundan, əvəzolunmaz xidmətlərindən danışıb. Bildirib ki, 18 sentyabr Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu günün - 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması haqqında Fərman imzalayıb. Həmin tarixdən etibarən hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
O, dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə, ədəbiyyatına misilsiz xidmətlərini bir daha diqqətə çatdırıb və bütün kollektivi bu bayram münasibətilə təbrik edərək onlara yeni–yeni yaradıcılıq uğurları, işlərində müvəffəqiyyətlər arzulayıb.