ELM VƏ TƏHSİL
Musiqi sənəti istiqamətinə aid ixtisasları seçənlər 4 komissiya üzrə qeydiyyatdan keçə bilər
Bakı, 14 may, AZƏRTAC
Musiqi sənəti istiqamətinə aid ixtisaslara qəbul olmaq üçün abituriyent əvvəlcə V ixtisas qrupu üzrə qəbul imtahanının I mərhələsində (cari ilin abituriyentləri üçün buraxılış imtahanı) iştirak edərək azı 60 bal toplamalıdır. Bundan sonra istədiyi Qabiliyyət imtahanı komissiyası üzrə qeydiyyatdan keçməlidir. Abituriyent maksimum 4 komissiya üzrə qeydiyyatdan keçə bilər.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, instrumental ifaçılıq (sahələr üzrə), vokal sənəti (sahələr üzrə), populyar musiqi və caz ifaçılığı (sahələr üzrə), dirijorluq (sahələr üzrə) və musiqi müəllimliyi ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər yalnız ixtisas fənnindən imtahan verirlər. Bəstəkarlıq və musiqişünaslıq ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər isə 2 fəndən (Naxçıvan Dövlət Universiteti istisna) imtahan verirlər.
Naxçıvan Dövlət Universitetinin bəstəkarlıq və musiqişünaslıq ixtisaslarına qəbul üçün abituriyentlər yalnız bir imtahan verirlər. Bəstəkar olmaq istəyən abituriyentlər ixtisas imtahanı, musiqişünas olmaq istəyən abituriyentlər isə harmoniya və solfecio imtahanı verirlər.
Musiqi müəllimliyi ixtisası istisna olmaqla bütün musiqi ixtisasları üzrə qabiliyyət imtahanının yekun qiymətləndirilməsi 10 ballıq şkala ilə aparılır. Qabiliyyət imtahanı üzrə yekun balı 6 və daha yuxarı olan abituriyent ixtisas seçiminə buraxılır. İnstrumental ifaçılıq (sahələr üzrə), vokal sənəti (sahələr üzrə), populyar musiqi və caz ifaçılığı (sahələr üzrə), dirijorluq (sahələr üzrə), bəstəkarlıq və musiqişünaslıq ixtisaslarına qəbul üçün müsabiqə abituriyentin qabiliyyət imtahanından topladığı yekun bal əsasında aparılır. Bəstəkarlıq və musiqişünaslıq ixtisasları üzrə qabiliyyət imtahanının yekun qiymətləndirilməsi 10 ballıq şkala ilə aparılır. Qabiliyyət imtahanı üzrə yekun balı 6 və daha yuxarı olan abituriyent ixtisas seçiminə buraxılır. Bu ixtisaslar üzrə birinci imtahandan müsbət qiymət, yəni 5 bal ala bilməyən abituriyent növbəti fənn imtahanına buraxılmır. Hər iki imtahan üzrə toplanan balların ədədi ortası abituriyentin yekun qiyməti hesab edilir. Musiqi müəllimliyi ixtisası üzrə imtahanın yekun nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. “Məqbul” qiymət almaq üçün abituriyentin imtahan nəticəsi 6 bal və daha yuxarı olmalıdır. Müsabiqəyə məqbul qiymət alan abituriyent buraxılır. Musiqi müəllimliyi ixtisasına qəbul üçün müsabiqə abituriyentin qəbul imtahanının I mərhələsindən (cari ilin abituriyentləri üçün buraxılış imtahanından) topladığı bal əsasında aparılır.
Abituriyent musiqi sənəti istiqaməti üzrə imtahanlara hazırlaşmaq üçün qəbul olmaq istədiyi ixtisasa uyğun proqramla tanış olmalıdır. Qəbul proqramları “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında ətraflı məlumat verilib.
Xüsusi qabiliyyət imtahanlarına hazırlaşan abituriyent köməkçı vasitə kimi mütəxəssislərin hazırladıqları metodiki tövsiyələrlə tanış olmalıdır.
Abituriyentin qabiliyyət imtahanlarına hazırlaşarkən eyni istiqamətə aid olan komissiyalar arasındakı keçidləri nəzərə alması tövsiyə olunur. Keçidlər abituriyentə bir imtahandan əldə etdiyi müsbət nəticənin digər komissiyaya şamil edilməsi imkanı verir. 20, 21, 22, 23, 24, 25, 28, 26, 36, 27, 29, 30 və 31-ci komissiyalar üzrə qabiliyyət imtahanı verib müsbət qiymət alan abituriyent ixtisas seçimi zamanı 32-ci komissiyanın ixtisaslarını qeyd edə bilər.
20, 21-ci komissiyalardan müsbət qiymət alan abituriyent 31-ci komissiyanın müvafiq ixtisaslarını seçə bilər. 22-ci komissiyadan müsbət qiymət alan abituriyent 23-cü komissiyanın müvafiq ixtisaslarını seçə bilər. 68, 69,71,72,73, 74, və 75-ci komissiyalar üzrə qabiliyyət imtahanı verib müsbət qiymət alan abituriyent ixtisas seçimi zamanı 76-cı komissiyanın ixtisaslarını qeyd edə bilər.
Qiymətlərin şamil edilməsi abituriyentlərin müvafiq komissiyalar üzrə qeydiyyatdan keçdiyi halda mümkündür.