REGİONLAR
Müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin layiqli varisidir
Biləsuvar, 23 may, Mahir Babayev, AZƏRTAC
Müsəlman Şərqində ilk demokratik dövlətin Azərbaycanda yaranması xalqımızın milli müstəqillik, azadlıq arzularını qətiyyətlə həyata keçirməsi ilə bağlıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda keçirilən elmi-praktiki konfransda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin məruzəsi dinlənilib.
Qeyd olunub ki, mayın 28-i Azərbaycan tarixinə parlaq səhifə kimi daxil olub. Müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası cəmi 23 ay yaşasa da, onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biridir.
Bildirilib ki, XX əsrin 80-ci illərinin ortalarından bir çox ölkələrdə, o cümlədən Azərbaycanda yaranan milli oyanış dalğası xalq hərəkatına çevrilərək, yeni dünya nizamının təməlini qoyanda Azərbaycan Xalq Cümhuriyyətinin idealları xalqımız üçün mayaka çevrilib. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyinə qovuşub.
Diqqətə çatdırılıb ki, vətəndaş qarşıdurması və parçalanma təhlükəsindən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qurtulan Azərbaycan bu gün dünyanın siyasi və iqtisadi dairələrində diqqət mərkəzinə çevrilib. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə yeni-yeni uğurlara imza atır. Respublikanın sosial-iqtisadi inkişafı sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlar ilbəil artır.
Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar rayon fəallarından bir qrupuna fəxr fərmanlar verilib.
Tədbir bədii hissə ilə davam etdirilib.