REGİONLAR
Mütərəqqi becərmə texnologiyalarını tətbiqi yüksək məhsuldarlığı şərtləndirən əsas amillərdəndir VİDEO
Quba, 14 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 14-də Qubada keçirilən regional seminarda fermer və sahibkarlar meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı səmərəli mübarizənin təşkili və mütərəqqi becərmə texnologiyalarının tətbiqi mövzusunda müzakirələr aparıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin, nazirlik yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə dövlət Xidmətinin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, rayon kənd təsərrüfatı idarələrinin, aidiyyəti elmi tədqiqat institutlarının mütəxəssisləri, eləcə də 50-yə yaxın fermer və sahibkar iştirak edib.
Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin Fərmanına əsasən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Bu sənəddən irəli gələn təbirlərin icrası aqrar sektorun inkişafında mühüm rol oynayacaq. Qubada keçirilən regional seminar da məhz Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunub.
Nazirliyin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, “Aqrokimya” MMC-nin direktoru Məhəmməd Məmmədov və xarici mütəxəssislər meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı müasir üsullarla səmərəli mübarizə haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, hazırkı dövrdə yüksək məhsuldarlığa nail olmaq üçün mütərəqqi becərmə texnologiyalarının tətbiqi vacib amildir.
Seminarda iştirak edən fermer və sahibkarlar mütəxəssislərdən müvafiq tövsiyələr alıb, üzləşdikləri çətinliklərlə bağlı ekspertlərə suallar ünvanlayıblar.