CƏMİYYƏT
Mütəxəssis: Həkim məsləhəti olmadan skolioz xəstəliyində korset taxılması müalicə üsulu deyil
Bakı, 11 may, AZƏRTAC
İnsanlarda onurğada olan skolioz xəstəliyi anadangəlmə və ya sonradan qazanılmış problem kimi özünü büruzə verə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşırov deyib.
“Qız uşaqlarında 8-12, oğlanlarda isə 11-13 yaş arasında daha aktiv böyümə getdiyi üçün əyilməyə meyillilik olur. Ümumilikdə isə bu xəstəlikdə konkret yaş aralığı yoxdur. Uşaqlarda daha çox skolioz xəstəliyi üstünlük təşkil edir. Korset taxılması da müayinə nəticəsində məsləhət görülə bilər. Yəni həkim məsləhəti olmadan korset taxılması müalicə üsulu deyil”, - deyə cərrah qeyd edib.
Cərrah bildirib ki, masaj əzələlərin qan dövranın yaxşılaşması üçün edilir: “İnsan orqanizmindəki əzələlər qidalandığı zaman inkişaf yaxşı olur. Masajlar da növlərinə görə fərqlidir. Müraciət olunan mütəxəssis müayinə zamanı hansı masaj növündən istifadə edilməsini xəstəyə məsləhət görməlidir. Masajın təsiri var, amma xəstəlik sırf bununla müalicə edilmir. Bütün müalicə üsulları birgə edilməlidir. Sadəcə üzgüçülüklə məşğul olmaqla da onurğada skolioz xəstəliyini düzəltmək mümkün deyil. Mütəxəssis müayinəsindən sonra xəstəliyin dərəcəsinə görə müalicə növü təyin edilir”.