CƏMİYYƏT
Muxtar Babayev: Təbii meşə sahələrinin azalmasının səbəblərindən biri də fitosanitar vəziyyətin pisləşməsidir
Bakı, 24 may, AZƏRTAC
Hazırda dünyada baş verən qlobal iqlim dəyişikliyi, yağıntıların azalması, havaların mövsümə uyğun keçməməsi və digər amillər bitkilərin vegetativ inkişafına mənfi təsir göstərməkdədir. Əlverişsiz stabil şəraitin davamlı olması zərərli orqanizmlərin aktivləşməsinə, onların yayılma areallarını genişləndirməsinə və bütövlükdə fitosanitar vəziyyətin pisləşməsinə səbəb olur.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bitki Sağlamlığı Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan azmeşəli ölkə olmaqla cəmi 12 faiz meşə ilə örtülü əraziyə malikdir. Bu baxımdan əsas prioritet istiqamətlərimiz meşələrin sahəsinin artırılması, mühafizəsi və onlardan davamlı istifadənin təmin edilməsidir. Meşələrin vəziyyətinin yaxşılaşdırılması və onların qorunması istiqamətində irimiqyaslı meşəbərpa və meşəsalma tədbirləri həyata keçirilir. Lakin təbii meşə sahələrinin azalması, onların cins tərkibinin dəyişməsi, mövcud meşələrin seyrəkləşməsi tendensiyası hələ də müşahidə edilməkdədir. Bunun əsas səbəblərindən biri də zərərli orqanizmlərin təsiri nəticəsində fitosanitar vəziyyətin pisləşməsidir. Zərərli orqanizmlərin ölkədəki yabanı bitki növləri areallarına və mədəni bitki növlərinin becərildiyi əkin sahələrinə vurduğu ziyanın qarşısının alınması üçün kənd təsərrüfatı, meşə sahələrində və digər yaşıllıq ərazilərdə zərərli orqanizmlərdən mühafizə məqsədilə kompleks tədbirlər təşkil olunmaqdadır. Belə ki, xəstəliklər bəzi bitki növləri üçün ciddi təhlükə mənbəyi hesab olunur. Buna görə də bitki sağlamlığının təmin olunmasına xüsusi diqqət göstərilməlidir. Bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi və zərərli orqanizmlərə qarşı aparılan mübarizənin effektivliyinin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrindən ibarət birgə işçi qrupu fəaliyyət göstərməkdədir.
M.Babayev ziyanverici növlərin sərhəd tanımadığını, eyni növlərə bir çox ölkələrdə rast gəlindiyini, həmçinin onların ayrı-ayrı ölkələrdə müxtəlif fəsadlar törədə bildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, təsadüfi deyil ki, BMT-nin Baş Assambleyası tərəfindən 2020-ci il “Beynəlxalq Bitki Sağlamlığı İli” elan olunmuşdu. Bu baxımdan beynəlxalq, xüsusilə də regional əməkdaşlığa xüsusi önəm verilməlidir. Bu yolu keçmiş ölkələrin qabaqcıl təcrübələrini öyrənmək və tətbiq etmək çox vacibdir. Elmi tədqiqatlar və monitorinqlərin aparılması, ixtisaslı kadrların yetişdirilməsində əməkdaşlığa, maarifləndirmə və məlumatlandırmaya xüsusi diqqət yetirilməlidir.
"Ölkə ərazisində bitki və bitkiçilik məhsullarında zərərverici orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməsi vacibdir. Ətraf mühitin və əhalinin sağlamlığı, habelə flora və faunanın pestisidlərin və digər aqrokimyəvi maddələrin zərərli təsirlərindən qorunmasına yönəlmiş bitki mühafizəsi tədbirləri gücləndirilməlidir.
Kənd təsərrüfatı və qida sektorunun əsas aparıcı qüvvəsi özəl sektorudur. Bu baxımdan qida təhlükəsizliyinin təmin olunmasında, həmçinin xəstəliklərə və zərərvericilərə qarşı mübarizə tədbirlərinin görülməsində dövlət qurumları ilə yanaşı, özəl təşkilatlar, iri şirkətlər və sahibkarlar da aktiv rol oynamalıdırlar. Düşünürəm ki, bitki sağlamlığı ilə bağlı problemlərin həlli istiqamətində bütün maraqlı tərəflərin əməkdaşlığı qarşıda duran hədəflərə çatmağa imkan verəcək", - deyə nazir bildirib.