REGİONLAR
Muxtar respublikada yaşıllıqların həcmi artıq ümumi ərazinin 21 faizinə çatıb
Naxçıvan, 4 avqust, AZƏRTAC
Ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikada yaşıllıqların ümumi sahəsi 0,6 faiz olduğu halda, həyata keçirilmiş məqsədyönlü dövlət siyasətinin nəticəsində bu rəqəm artıq 21 faizə çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, genişmiqyaslı yaşıllaşdırma proqramı bu il də davam etdirilib, ilin ilk altı ayı ərzində muxtar respublika ərazisində nazirlik, idarə və müəssisələr, rayon, şəhər icra hakimiyyətləri və vətəndaşlar tərəfindən ümumilikdə 232 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb, toxumla əkin aparılıb. Əkin işlərində 150 min meyvə, meşə, həmişəyaşıl tinglər, üzüm, bəzək və gül kolları əkilib.
Bundan başqa, 120 hektar sahədə meşəsalma, meşəbərpa işləri, toxumla əkin aparılıb, yeni meyvə bağları salınıb. Naxçıvançay, Əlincəçay, Gilançay, Nəsirvazçay, Arpaçay vadilərində çilik üsulu ilə əkin işləri aparılıb, ümumilikdə, 6200 ədəd iydə, söyüd və qələmə çilikləri çay vadilərində əkilib. Ağbulaq Kənd-Turizm İstirahət Bölgəsi, Darıdağ ərazisində və xüsusi mühafizə olunan təbiət ərazilərində 80 hektar sahədə şırım üsulu ilə üzüm, alça, ardıc, palıd, həmərsin, yemişan, badamça, iydə toxumları əkilib. Eroziyaya uğramış torpaqların yenidən əkin dövriyyəsinə qatılması məqsədilə yaşıllaşdırma işlərinin 80 faizdən çoxu kənd təsərrüfatı əkinləri üçün yararsız olan torpaqlarda aparılıb.