REGİONLAR
Muxtar respublikanın gömrük orqanları tərəfindən proqnoz-tapşırığa 100,39 faiz əməl olunub
Naxçıvan, 4 avqust, AZƏRTAC
Bu ilin altı ayı ərzində muxtar respublika gömrük orqanları tərəfindən dövlət büdcəsinin formalaşdırılması məqsədilə qarşıya qoyulmuş proqnoz-tapşırığa 100,39 faiz əməl olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, büdcəyə köçürülmüş gömrük ödənişləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 131 faiz çox olub. Toplanmış gömrük ödənişləri Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 18,97 faizini təşkil edib. Bu dövr ərzində 58 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi 0,5 faiz artıb.
Pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya işləri müntəzəm şəkildə aparılıb, Culfa və Sədərək gömrük keçid məntəqələrində nəqliyyat vasitələri üçün iki yeni dezinfeksiyaedici qurğu quraşdırılıb, muxtar respublika ərazisinə daxil olan bütün nəqliyyat vasitələri dezobaryerlərdən keçirilib. Məsafədən hərarətin ölçülməsinin təmin edilməsi məqsədilə sərnişinlər üçün keçid zallarına yeni termal kameralar qoyulub, əməkdaşlar portativ termometrlərlə, tələb olunan tibbi ləvazimat və dezinfeksiyaedici məhlullarla təmin olunub, gömrük nəzarət zonaları mütəmadi olaraq dezinfeksiya edilib.
Daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması, idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması istiqamətində də fəaliyyət davam etdirilib. 2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması ilə əlaqədar ixrac olunan mallar üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadənin təşviqi həyata keçirilib, gömrük rəsmiləşdirilməsi üçün çəkilən xərclər minimuma endirilib.