REGİONLAR
Muxtar respublikanın səhiyyə sahəsində çalışan mühasibatlıq işçiləri təlimlərə cəlb ediliblər
Naxçıvan, 28 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən təşkil olunan növbəti təlimlərə səhiyyə sahəsində çalışan maliyyə və mühasibatlıq üzrə 20 mütəxəssis cəlb olunub.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Büdcə təşkilatlarında praktik mühasibatlıq” adlı kurs 5 moduldan ibarət olmaqla, Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin, eləcə də Naxçıvan Muxtar Respublika Prokurorluğunun ekspertlərinin təqdimatları üzrə mərkəzin tədris zalında keçirilir.
Kursun gündəliyinə uyğun olaraq, ilk gün Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov çıxış edərək, “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması” mövzusunda təlim iştirakçılarına ətraflı məlumat verib. Təlimdə praktik məsələ və testlərin həllinə geniş yer ayrılıb.
Dörd gün təşkil olunacaq təkmilləşdirici kursda növbəti günlərdə mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət və xəzinə əməliyyatlarının təşkili və uçotu mövzuları üzrə məlumatlar veriləcək. Həmçinin tədris prosesində iştirakçılara gündəlik işlərində faydalı ola biləcək təlim materialları təqdim olunacaq.
Kursun sonunda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək.