REGİONLAR
Muzeydə qorunan əsgər çəkməsinin kədərli tarixçəsi
Ağdam, 24 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində ağlasığmaz qətliam törətdi. Üç istiqamətdən hücuma məruz qalan Xocalının sakinləri şəhəri tərk edərək, Ağdam istiqamətində qaçmağa məcbur oldu. Lakin əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək xüsusi qəddarlıqla öldürüldü, əsrin faciəsi törədildi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin böyük rolu olub. Xocalıda qətliam törədilməsi xəbərini alan könüllülər Ağdamdan Əsgəran istiqəmətində hərəkət edərək, meşələrdə gizlənmiş sakinlərin bir çoxunu xilas edə biliblər. Həmin gecə “Qarabağ şahinləri” batalyonunda döyüşən Samir Abdunov da fədakarlıqlar göstərib. Xocalı faciəsindən iki həftə sonra şəhid olsa da, göstərdiyi qəhrəmanlıq hekayələri bu gün də eşidənləri təsirləndirir.
Qardaşı Etibar Abdunov bildirir ki, Samir orta məktəbi bitirdikdən sonra 1991-ci ildə keçmiş sovet ordusu sıralarında hərbi xidmətə çağırılıb. Lakin Bakıda 20 Yanvar faciəsini törətmiş bir orduda xidmət keçməkdən imtina edərək, könüllü olaraq Ağdamda yaradılmış "Qarabağ şahinləri" batalyonuna yazılıb və Vətənimizin müdafiəsi uğrunda döyüşlərə qatılıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən törədilən Xocalı faciəsi zamanı qətlə yetirilənlərin və yaralıların Ağdama aparılmasına kömək göstərib.
Samir əsgər yoldaşları ilə birgə erməni quldurlarından qorunmaq üçün meşədə gizlənən Xocalı sakini Elyana Hümbətovanı və onun körpə oğlunu tapıb, düşmənlə döyüşə-döyüşə ana ilə övladını xilas ediblər. Elyana Hümbətovanın ayaqlarının soyuqdan donmaması üçün öz çəkməsini ona verib, əsgər gödəkçəsini çıxararaq körpəni büküb, donmaqdan qoruyub. Əsgərlərimiz onları qərargaha, oradan da xəstəxanaya çatdırıblar. Hümbətovlar ailəsi on il bu əsgər çəkmələrini saxlayıb, onun sahibini axtarıblar. Yalnız sonradan öyrəniblər ki, o, həmin hadisələrdən 14 gün sonra şəhid olub. Hazırda həmin çəkmələr Döyüş Şöhrəti Muzeyində saxlanılır.
Samir Abdunov 1992-ci il martın 12-də Ağdamla Əsgəran arasındakı strateji ərazi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Prezident İlham Əliyevin 2010-cu il iyunun 24-də imzaladığı Sərəncamla “İgidliyə görə” medalı ilə təltif edilib.