DÜNYA
Myanmada 65 il qüvvədə olan fövqəladə vəziyyət barədə qanun ləğv edilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Myanmada 60 ildən çox davam edən və hökumət tərəfindən, həmçinin siyasi təqiblər üçün istifadə edilən fövqəladə vəziyyət barədə qanun Prezident Txin Çjonun qərarı ilə ləğv olunub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bir zamanlar Birma adlanan Myanmada fövqəladə vəziyyət barədə qanun ölkə Britaniya müstəmləkəsindən qurtulduqdan bir qədər sonra - 1950-ci ildə qəbul edilmişdi. Sənəd sabotaj və dövlətə xəyanətə görə ömürlük həbs və ya ölüm hökmü cəzasını nəzərdə tuturdu. Yalan məlumat yayma və ictimai əxlaq normalarının pozulması kimi cinayətlərə görə isə uzunmüddətli həbs cəzaları tətbiq olunurdu.
Müşahidəçilər qeyd edirlər ki, Birma xuntası zamanı qanun hökumət tərəfindən siyasi rəqiblərə qarşı da istifadə edilib. Sentyabrın sonlarında ölkə parlamenti qanunverici aktın ləğv olunmasını təsdiqləyib.
Qeyd edək ki, Myanma 1962-ci ildən etibarən hərbçilərin idarəsi altında olub. Ölkədə demokratiyaya doğru ilk addımlar yalnız 2010-cu ildən atılmağa başlayıb. Bu ilin əvvəlində respublikanın icraedici və qanunverici hakimiyyəti Nobel sülh mükafatı laureatı Aun San Su Çjinin başçılıq etdiyi Demokratiya uğrunda Milli Liqaya keçib. Parlament Txin Çjonu prezident seçib. O, hərbi diktatura ilə əlaqəsi olmayan ilk dövlət başçısı kimi tarixə düşüb.