MƏDƏNİYYƏT
“NƏŞRİYYAT İŞİNDƏ ƏQLİ MÜLKİYYƏTİN QORUNMASI” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının, Yazıçılar Birliyinin, Müəllif Hüquqları Agentliyinin və Yeni Yazarlar və Sənətçilər Qurumunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov açaraq bildirmişdir ki, daxili sabitliyini, əmin-amanlığını təmin etmiş ölkələrdə olduğu kimi, bizdə də əqli mülkiyyətin qorunması diqqət mərkəzindədir. Bu sahədə hüquqların tənzimlənməsi üçün müəyyən qanunlar fəaliyyət göstərir. Müəlliflik hüququnun bir çox sahələrlə bağlı olduğunu söyləyən natiq bildirmişdir ki, Milli Məclisdə “Teatr haqqında” Qanun qəbul edilərkən müzakirəyə çıxarılan ikinci məsələ də məhz müəlliflik hüququ ilə bağlı olmuşdur.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “Müəlliflik hüququ və nəşriyyat işi” mövzusunda məruzə etmişdir. O bildirmişdir ki, Azərbaycan dövlətinin gənc olmasına baxmayaraq, ölkəmizdə əqli mülkiyyətin qorunması üçün zəruri hüquqi baza yaradılmışdır. Bu sahədə aparılan işlərin miqyasına görə MDB məkanında bizimlə müqayisə ediləbiləcək ikinci dövlət yoxdur. 1996-cı ildən başlayaraq əqli mülkiyyətin və buna bənzər sahələrdə hüquqların qorunması ilə bağlı 9 qanun qəbul edilmişdir.
Müəlliflik hüququnun çap işindən başlandığını diqqətə çatdıran K.İmanov bildirmişdir ki, müəlliflik hüququndan söhbət gedərkən müəlliflərlə nəşriyyatlar arasındakı münasibətlərdə naşirlər ikili rol oynayırlar. Onun birinci rolu hüquqi statusundan irəli gəlir.
Naşir istifadəçi kimi müəllifin hüquqlarını qorumalıdır. İkinci tərəfdən, nəşriyyat haqqında qanununda qeyd edildiyi kimi, naşir özü də mülkiyyət sahibi ola bilər.
Tədbirdə Yazıçılar Birliyinin nümayəndəsi, şair-tərcüməçi Səlim Babullaoğlu, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşaviri Fethi Gedikli, “Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundov, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan və başqaları müzakirə olunan mövzu ilə bağlı fikirlərini bölüşmüşlər.