SİYASƏT
NAZİRLƏR KABİNETİNİN MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Oktyabrın 29-da Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə Bakıda səfərdə olan Rusiya Federasiyası Hesablama Palatasının sədri Sergey Stepaşinin rəhbərliyi ilə nümayəndə heyətini qəbul etmişdir.
Qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən Sergey Stepaşin Vladimir Putinin Rusiya Federasiyasının Prezidenti seçilməsindən sonra Azərbaycanla Rusiya arasında iqtisadi-siyasi və mədəni əməkdaşlığın daha sürətlə inkişaf etdiyini vurğuladı. Bu baxımdan son illər ikitərəfli əlaqələrə dair bir sıra məsələlərin artıq öz həllini tapdığını nəzərə çarpdıran qonaq Rusiya Federasiyasının Hesablama Palatasının da azərbaycanlı həmkarları ilə sıx işbirliyi qurmaq niyyətində olduğunu qeyd etdi. Postsovet məkanı üçün yeni olan Hesablama Palatasının əsas funksiyaları barədə danışarkən Sergey Stepaşin bildirdi ki, onlar ölkənin qanunvericilik və icra strukturları, maliyyə və iqtisadiyyat qurumları ilə sıx əməkdaşlıq şəraitində işləyərək dövlət büdcəsinin tərtibi, qəbulu və həyata keçirilməsi proseslərində, habelə müvafiq qanunvericilik aktlarının ekspertizasının və effektivlik auditinin təşkilində yaxından iştirak edirlər. Azərbaycan Respublikasının Hesablama Palatası ilə ikitərəfli əməkdaşlığa dair saziş imzalanmasının nəzərdə tutulduğunu xatırladan Sergey Stepaşin bu sahədə topladıqları təcrübəni azərbaycanlı həmkarları ilə bölüşməyə, həmçinin bu sistem üçün kadr hazırlığında yaxından iştirak etməyə hazır olduqlarını nəzərə çarpdırdı.
Apərbaycan Respublikasının baş naziri Artur Rasizadə son illər həqiqətən ölkələrimiz arasında qarşılıqlı faydalı əlaqələrin xeyli inkişaf etdiyi barədə fikirləri təsdiqləyərək, belə bir tendensiyanın iqtisadi-ticarət sahəsindəki əməkdaşlığa da müsbət təsir göstərdiyini vurğuladı. Sonra Hesablama Palatasının funksiyaları və strukturu barədə verdiyi ətraflı məlumata görə rusiyalı qonağa təşəkkürünü bildirən baş nazir bu təşkilatın əhəmiyyətini nəzərə çarpdıraraq qeyd etdi ki, hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsi səmərəli ola bilər.
Görüş zamanı tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi oldu.