REGİONLAR
NDU və İqdır Universitetinin birgə əməkdaşlığı çərçivəsində onlayn seminar keçirilib
Naxçıvan, 5 mart, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti (NDU) ilə İqdır Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı” mövzusunda onlayn seminar keçirilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetin rektoru Elbrus İsayev çıxışında Vətən müharibəsində qazandığımız zəfərin əldə olunmasında qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəyi xüsusi qeyd edib. Bildirib ki, bu müharibədə Azərbaycan təkcə öz tarixi torpaqlarını azad etmədi, eyni zamanda tarixi ədaləti, döyüş gücünü, xalqımızın müdrikliyini ortaya qoydu. Rektor Azərbaycan-Türkiyə dostluğunun dünya ölkələrinə nümunə olduğunu vurğulayıb.
Qeyd edib ki, Naxçıvan dəhlizi Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrinin daha sürətli inkişafına imkan yaradacaq və ölkələrarası turizm əlaqələrinin genişlənməsinə ciddi təkan verəcək.
İqdır Universitetinin rektoru Mehmet Hakkı Alma xalqımızı Azərbaycanın 44 günlük mübarizədə qalib olması münasibətilə təbrik edib, Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun əbədi olduğunu vurğulayıb.
Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev çıxışında bildirib ki, Türkiyənin Azərbaycanın yanında olması, ona hər zaman öz dəstəyini göstərməsi Azərbaycanın 30 illik həsrətinə son qoyulmasında böyük rol oynayıb.
İqdır valisi Hüseyn Engin Sarıibrahim, Türkiyə Böyük Millət Məclisinə İqdırdan seçilən millət vəkili Dursun Akdemir, Doğu Anadolu Projesi (DAP) rəhbəri professor Osman Demirdöyen Türkiyənin qardaş ölkə Azərbaycanı hər zaman dəstəklədiyini, qarşılıqlı əlaqələrin bir millət, iki dövlət prinsipinə əsaslandığını vurğulayıblar. Onlar qüdrətli Azərbaycan Ordusunun əldə etdiyi zəfər nəticəsində imzalanmış müqaviləyə əsasən Naxçıvan dəhlizinin yaradılmasının təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə üçün əhəmiyyətini qeyd ediblər.