REGİONLAR
NÖVBƏLİ ƏKİN SİSTEMİ FERMERLƏR ÜÇÜN ÇOX FAYDALIDIR
Gəncə Regional Elmi Mərkəzi ilə Elmi Tədqiqat Pambıqçılıq İnstitutu əməkdaşlarının apardıqları birgə təcrübələr zamanı məlum olmuşdur ki, torpaqdan daha səmərəli istifadə etmək məqsədi ilə növbəli əkin sisteminə keçmək daha məqsədəuyğundur.
Mərkəzin direktoru Ziyad Abbasov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, iki hektar sahədə əkilən arpa iyunun 15-dək yığılmış, yerində pambıq əkilmişdir. Düzgün texnoloji qulluq sayəsində həmin sahədə yetişdirilən pambığın yığılması da digər pambıq sahələri ilə eyni vaxta təsadüf etmişdir. Odur ki, torpaqdan daha səmərəli istifadə etmək üçün bu üsul fermerlərə daha çox fayda verə bilər. Respublikamızda tezyetişən pambıq növlərinə ehtiyac var. Bu ehtiyacı ödəmək üçün isə Pambıqçılıq İnstitutunun alimləri seleksiya işləri həyata keçirməli və bu işlərə dövlət tərəfindən vəsait ayrılmalıdır.