REGİONLAR
Nabranda keçirilən reyddə qayda pozan 60-a yaxın sürücü inzibati qaydada cəzalandırılıb VİDEO
Xaçmaz, 14 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları Nabranda reyd keçiriblər.
AZƏRTAC xəbər verir ki, axşam saatlarında keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan 60-a yaxın sürücü inzibati qaydada cəzalandırılıb. Avtomobilə əlavə avadanlıq quraşdıran, qadağan olunan yerdə ötmə əməliyyatı edən və sürət həddini aşan sürücülərə daha çox rast gəlinib. Üç sürücünün isə avtomobili sərxoş halda idarə etdiyi müəyyənləşib.
Xaçmaz Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin rəisi Elşad Nəbiyev bildirib ki, bu kimi reydlərin keçirilməsində məqsəd avtomobilləri sərxoş vəziyyətdə idarə edən və digər qaydaları pozan sürücüləri aşkara çıxararaq onların yarada biləcəyi yol-nəqliyyat hadisələrinin qarşısını vaxtında almaqdan ibarətdir.
Ölkəmizin əsas turizm zonalarından sayılan Nabran istiqamətində yay aylarında hərəkətin intensivliyi xeyli artır. Bu səbəbdən yolda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə reydlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.